ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Türk Dövlətləri Təşkilatı beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabr ayının 17-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib. Qəbul zamanı çıxış edən İlham Əliyev bildirib ki, bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.

       Ölkəmizin başçısı vurğulayıb ki, ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir.

       Azərbaycana gəldikdə isə biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk. Beləliklə, Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir.