ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında:

· “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini  qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə  anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”;

· “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”;

· “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”;

· “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür”.