
“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil.
O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.
Bu, bizim müstəqil dövlətimizin rəmzidir.
Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı,
xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
“90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”
“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”
“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”
“Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”
“Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”