ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ümummilli Lider Heydər Əliyev: Azərbaycan Xalq Cümhuriyyəti barədə

        “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”;

“Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”; 

“Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”; 

“Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı;

“28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”; 

“Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar.”