Ordubad Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və dövlətçilik ənənələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən deputatlar–Elmar Rzayev və Ramil Nəbiyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının, şəhər, qəsəbə, kənd icra nümayəndəliklərinin rəhbər işçiləri və əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında bildirib ki, Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində Heydər Əliyevin müstəsna rolu vardır. Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəmizi parçalanma və xaos təhlükəsindən xilas etmiş, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasını təmin etmişdir. Məhz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi sabitlik, milli həmrəylik və dövlətçilik prinsipləri bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq arenada gündən-günə daha da güclənir. Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, həmçinin, Ulu Öndərin milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə həyata keçirdiyi genişmiqyaslı layihələr, milli irsin qorunması, xeyriyyəçilik və beynəlxalq mədəniyyət diplomatiyası Azərbaycanın daha da güclənməsinə, xalqın rifahının yaxşılaşmasına və ölkəmizin dünyada daha yaxşı tanınmasına xidmət edir. Çıxış zamanı ölkəmizin son illərdə əldə etdiyi sosial-iqtisadi uğurlardan, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən də bəhs olunub.
Sonra Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elmar Rzayev çıxış ediblər. Çıxış edənlər dahi rəhbərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışaraq, onun həyat yolu və siyasi fəaliyyətinin gələcək nəsillər üçün əsl məktəb hesab edildiyini, xalqımızın milli birlik və həmrəylik ruhunda birləşməsinin Ulu Öndərin ideyalarına sədaqətin bariz nümunəsi olduğunu bildiriblər.
Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə YAP-ın üzvülük vəsiqələri təqdim olunub.
Sonda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “İlk Böyük Qayıdış” sənədli filmi nümayiş olunub.