Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı Kəlbəcər döyüş bölgəsində şəhidlik zirvəsinə ucalmış Babayev Üzeyir Fərhad oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 20.04.2026-cı il tarixdə Üstüpü kəndində keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, Üstüpü kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər Vətən uğrunda canından keçmiş Üzeyir Babayevin keçdiyi şərəfli döyüş yolu barədə məlumat veriblər. Çıxışlarda ölkə rəhbərliyinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, onların sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər qeyd edilib.
Daha sonra Üstüpü kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.