29 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan “Qarabağ” ordenli şəhid Budaqov Rufiz Şirzad oğlunun əziz xatirəsinin yad edilməsi məqsədilə anım tədbiri keçirilib. Tivi kəndində yerləşən Şəhidlər Abidəsində keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Yeni Azərbaycan Partiyasının Ordubad Rayon təşkilatının sədri Ehtibar İsmayılov, İcra Hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, məktəb kolləktivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ümummili lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyəti başçısı Nurlan Hacıyev bildirib ki, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıq hər birimiz üçün örnəkdir.
Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim uca tutulur. Şəhidlərin ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün şəhid ailələri dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial məsələlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Nurlan Hacıyev şəhid Rufiz Budaqovun Vətən qarşısında göstərdiyi xidmətlərdən və onun keçdiyi döyüş yolundan bəhs edərək bildirib ki, şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq. Onların əziz xatirəsinin yaşadılması, adlarının daim uca tutulması hər birimizin mənəvi borcudur.
İcra başçısı şəhid ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, Rufiz Budaqovun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Biləv kənd Bələdiyyəsinin sədri -Tivi kənd tam orta məktəbinin muəllimi Oruc Hüseynov və kənd ağsaqqallarından Aydın Hüseynov çıxış edərək şəhid Rufiz Budaqovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan, onun döyüş yolundan və əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən danışıblar. Çıxışlarda şəhidin ailəsinə göstərilən dövlət qayğısı vurğulanıb, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd edilib.
Şəhidimizin atası Şirzad Budaqov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edib.
Tivi kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, din xadimi tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxunub, həmçinin, Tivi kəndində dəfn olunmuş şəhid Əliyev Ramin Ənvər oğlunun məzarı ziyarət olunub.