44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Xəlilli Namiq Həsən oğlunun anım günü qeyd olunub. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali məclisinin deputatı Gülxarə Əhmədova, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, icra hakimiyyətinin, hüquq və mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Din xadimi tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub, tədbir iştirakçılarının çıxışları dinlənilib.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində qəhrəmanlıq və qürur səhifəsi kimi yaşayır. Bu Zəfərin qazanılmasında canını Vətənə fəda edən şəhidlərimizin müstəsna xidmətləri var. Onların keçdiyi döyüş yolu, göstərdikləri cəsarət və Vətənə sədaqət gələcək nəsillər üçün əvəzsiz örnəkdir. Şəhidlərin xatirəsinin yaşadılması, ailələrinin daim diqqətdə saxlanılması xalqımızın qəhrəman övladlarına olan ehtiramının ifadəsidir.
Tədbirdə çıxış edən digər iştirakçılar da Namiq Xəlillinin timsalında Vətən uğrunda canından keçən qəhrəmanların fədakarlığından söz açıb, şəhidlərin adlarının və əziz xatirələrinin xalqımızın yaddaşında daim yaşayacağını bildiriblər. Mərasimdə Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və qəhrəman övladlarımızın fədakarlığının nəticəsi olduğu diqqətə çatdırılıb.
Məktəblilər tərəfindən vətənpərvətlik mövzusunda şeirlər səsləndirilib.
Tədbirdən sonra Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Azadkənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarlarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib.