ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Xanağa kəndində vətəndaş müraciətləri dinlənildi

     Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayonun Xanağa kəndində səyyar qəbul keçirib. Vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həlli məqsədilə keçirilən qəbulda icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

     Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayonunda görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə ətraflı məlumat verib. Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində muxtar respublikada, o cümlədən Ordubad rayonunda genişmiqyaslı quruculuq işləri aparılır, şəhərkəndlərdə müasir infrastruktur layihələri icra olunur.  Ordubad rayonunda meliorasiya və su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, şəhər və kənddaxili yol infrastrukturunun bərpası və yenidən qurulması, kənd təsərrüfatının inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi, məşğulluq imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görüşdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” haqqında Sərəncamının əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, müvafiq Sərəncamla rayonun yaşayış məntəqələrində, o cümlədən Xanağa, Ağrı və Dizə kəndlərində içməli və suvarma suyu təminatı daha da yaxşılaşdırılacaq.

     Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin və emal sənayesinin davamlı inkişafını təmin etməyə, yerli istehsalın həcmini və səmərəliliyini artırmağa, ölkənin ərzaq təhlükəsizliyini daha da möhkəmləndirməyə, ixracyönümlü məhsulların istehsalını genişləndirməyə, həmçinin idxaldan asılılığın azaldılmasına mühüm töhfə verəcək. İcra başçısı Azərbaycan Respublikası Prezidentinin 09 iyun 2026-cı il tarixli Fərmanı barədə də məlumat verərək bildirib ki, yeni dəstək mexanizminə əsasən Naxçıvan Muxtar Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ölkənin digər bölgələrinə daşınması ilə bağlı nəqliyyat xərclərinin böyük hissəsi dövlət tərəfindən subsidiya olunacaq. Vurğulanıb ki, bu addım sahibkarların logistika yükünün azaldılmasına, istehsal olunan məhsulların bazarlarda rəqabət üstünlüyünün gücləndirilməsinə və Naxçıvanın iqtisadi imkanlarının daha səmərəli reallaşdırılmasına xidmət edəcək. Çıxış zamanı Zəngəzur dəhlizinin açılmasının strateji və sosial-iqtisadi əhəmiyyətindən də bəhs olunub. 

    Qəbulda sakinlər tərəfindən qaldırılan məşğulluq, elektrik təchizatının təkmilləşdirilməsi,  su xəttinin təmir olunması, bələdiyyə torpaqlarından istifadə olunması, kənddaxili yolların bəzi hissələrində təmir işlərinin aparılması, yol hərəkəti nişanlarının qoyulması, körpü tikintisi və digər məsələlər ilə bağlı müraciət və təkliflərin bir qismi yerində həll edilib, həlli müəyyən vaxt tələb edən məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.

     Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.