ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Xocalıda Memorial Kompleksin açılışı ədalətin təntənəsidir

Fevral ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib, onlara məlumat verilib, Prezidenti İlham Əliyev Memorialın önünə əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb. Sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə çıxış edən İlham Əliyev bildirib ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verilib. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirib. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilib, bir çox kitablar, broşürlər, bukletlər dərc edilib. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir.

Vurğulanıb ki, işğal dövründə nə qədər təzyiqlər, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu. Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi.

İlham Əliyev qeyd edib ki, birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışında da bildirib ki, bizim üçün əsas məsələ ərazi bütövlüyümüzün tam bərpa edilməsidir. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Güclü ordu qurduq - həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Yəni hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi.

Bildirilib ki, bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır. Bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itiriblər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşayıblar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlar iradələri sayəsində bütün bunlara dözdülər. Onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam.

Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.

 

Qeyd olunub ki, hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Bu gün xalqımıza, dövlətimizə olan hörmət, o cümlədən məhz buna görədir. O vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu, müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın.